ADGTT-dan həftəsonu 2 premyera...



27.10.2017
     Oktyabrın 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası keçirildi. Teatr Azərbaycan teatr tarixində ilk dəfə satirik, publisist, filosof və ictimai xadim Conatan Sviftin məşhur “Qulliver Cırtdanlar ölkəsində” əsərinə müraciət edərək tamaşanı fərqli yozumda təqdim etdi. Səhnə əsərində kukla elementlərindən məharətlə istifadə olunaraq müəllifin başlıca silahı olan satira və gülüş məqamları yaradıcı heyət tərəfindən ustalıqla həll olunaraq balaca tamaşaçılara təqdim edildi. Çoxlu məzəli oyunlar və hadisələrlə zəngin tamaşa hərəkətli dekorasiyası, gözəl rəqsləri, musiqisi, hər şeydən öncə isə çox maraqlı aktyor ifası ilə tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
    Quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğlu, plastika üzrə iş Ceyhun Dadaşova məxsus tamaşa uşaq və yeniyetmələrə darda olanlara kömək etməyi, mərhəmətli olmağı, vətənpərvərlik hisslərini təlqin edir. Əsərdə Əməkdar artistlər Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Elşən Hacıbabayev, Müşfiq Əliyev, Ramil Məmmədov, Elnur Hüseynov, Asya Atakişiyeva, Nuriyyə Əliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Nuranə Hüseynova, Aygün Fətullayeva, Vüqar Məmmədəliyev, Bəhram Həsənov və başqaları iştirak edirlər.
    Teatr oktyabrın 28-də gündüz saat 10:00, 12:00, 14:00-da R.Hovardın “Qrinç” (Yaşıl adam) tamaşasının da premyerasını keçirəcəkdir.
    Qeyd edək ki, ADGTT həftəsonu kiçik və böyük yaşlı tamaşaçıları üçün maraqlı, bir-birindən rəngarəng və məzmunlu tamaşalar təqdim edəcəkdir. Oktyabrın 29-da gündüz saat 12:00 və 14:00-da ərəb xalq nağılı “Əlibab və qırx quldur” ” tamaşası, oktyabr ayının 28-i axşam saat 19:00-da Əli Əmirlinin “Hasarın o üzü” , 29-u isə Elçinin “Buzovna kəndinin əhvalatları” tamaşaları ilə öz tamaşaçılarını sevindirəcəkdir.
    Tamaşalarda əsas obrazları teatrın tanınmış və istedadlı aktyorları Xalq artistləri Həmidə Ömərova, Nurəddin Mehdixanlı, Əməkdar artistlər Şəfəq Əliyeva, Elşən Rüstəmov, Elnur Kərimov, aktyorlar Günel Məmmədova, Elşən Şıxəliyev, Manaf Dadaşov, Asya Atakişiyeva, Səbinə Məmmədova, Şəbnəm Hüseynova, Anar Seyfullayev və başqaları ifa edəcəklər.

Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX