89-cu teatr mövsümünün “rəy kitabı”nda bizə yazırlar...



20.12.2016
     Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin iclası keçirilib. Teatrda artıq 6 ildir ki, yaradılan “rəy kitabı”nın müzakirəsi iclasın əsas mövzusu olub. Teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov çıxış edərək bütün tamaşalarda izləyicilərin ixtiyarına verilən “rəy kitabı”nda yazılan fikir, təklif və iradlar haqqında danışıb: “Tamaşalarımızın, eləcə də aktyor və rejissorlarımızın peşəkarlıq səviyyəsini müəyyən etmək, tamaşaçılarımızın teatrımıza, nümayiş etdirdiyimiz səhnə əsərlərinə münasibətlərini öyrənmək məqsədilə teatrda 2011-ci ildə “rəy kitabı” yaradıldı. Hər il biz bu kitabda yer alan rəy və təkliflər haqqında iclaslar keçirmişik. Bu günkü iclas isə 89-cu teatr mövsümü açılandan, bu günədək kitabda yazılan fikirlərin müzakirəsinə həsr olunub. Bildiyiniz kimi kitabda müxtəlif təhsil müəssisələrinin müəllim, şagird, valideyn və tələbə kollektivi, eləcə də sıravi tamaşaçıların, xarici ölkə vətəndaşlarının rəyləri yer alıb. Rəylər həm uşaq, həm də böyük tamaşalarına yazılıb. Mən mütəmadi olaraq bütün rəylərlə tanış oluram. Əvvəlki rəylərlə bərabər, bu mövsümdə də kitabda yazılanların 98%-i müsbət fikirlər, gələcəklə bağlı maraqlı təkliflər, yerli və xarici dramaturqların əsərlərinə müraciətlə bağlıdır. Izləyicilərimiz səhnə əsərlərinə maraqla baxdıqlarını, çox böyük zövq aldıqlarını, gələcək tamaşaları səbrsizliklə gözlədiklərini qeyd edirlər. Bu kimi fikirlər təbii ki, bizi çox sevindirir və gələcək uğurlara stimul verir. Rəylər arasında bəzi nöqsanlar, iradlar da göstərilir ki, bu da normaldır. Çünki iş olan yerdə nöqsan da olur. Biz çalışacağıq ki, növbəti tamaşalarımızda izləyicilərimizin bizə göstərdikləri etimadı doğruldaraq göstərilən təklif və iradları aradan qaldıraq”.
     İclasda o da qeyd edilib ki, bu tip müzakirələr gələcəkdə də keçiriləcək və yaradıcı heyət teatr və tamaşalara ünvanlanan tamaşaçı rəyləri ilə tanış ediləcək.
     Rəy kitabında yer alan maraqlı fikirləri diqqətinizə təqdim edirik:

“Gənc Tamaşaçılar Teatrında səhnələşdirən bütün tamaşaları həmişə yüksək səviyyədə olur. Dəfələrlə burada olmuşuq. Çox bəyənirik. Uşaqlar üçün olmasına baxmayaraq biz böyüklər də böyük maraqla izləyirik. Aktyorlar çox peşəkardır. Halal olsun. Necə deyərlər: “Sükanı belə saxlayın!”
Lamiyə Qasımova
18.09.2016

“Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı hər zaman uşaqlarımızın qayğısına qalır. Bu gün də “Çirkin ördək balası” tamaşasına baxmağa gəldik. Yenə yüksək səviyyədə təşkil olunmuşdu. Körpələrimizin dünya görüşündə əvəzsiz xidmətlərinə görə kollektivə və rəhbərliyə təşəkkür edirəm. Tamaşa uşaqların çox xoşuna gəldi. Sağ olun!”
Səbinə Xəlilova
22.10.2016

“3-cü sinif şagirdləri ilə “Çirkin ördək balası” tamaşasına baxmağa gəlmişik. Tamaşa gözəl və yüksək səviyyədə hazırlanıb. Bir müəllimə kimi çox məmnunam ki, şagirdlərimlə bu gün buradayam. Inanıram ki, bu onların dünyagörüşünə və sosiallaşmasına müsbət təsil edəcək. Əməyi olan hər bir kəsə sonsuz təşəkkürlər”.
103 saylı məktəbin müəlliməsi Nərminə Məmmədova
22.10.2016

“Teatra ilk gəlişimdir. Baxdığımız “Əlibaba və qırx quldur” tamaşası çox xoşumuza gəldi. Maraqlı səhnələr, obrazlar, insanlara fikirlərini çox gözəl izah edirlər. Bundan sonra daha çox, tez-tez tamaşalarda iştirak edəcəyik”.
Nərmin Hüseynova
23.10.2016

“Bu gün ilk dəfə “Əlibaba və qırx quldur” tamaşasına baxdıq. Tamaşa çox xoşumuza gəldi. Bundan sonra da belə tamaşalar tez-tez olsun, biz də həvəslə gəlib izləyək. Gənc Tamaşaçılar Teatrına çox böyük təşəkkürümü bildirirəm”.
Yasamal rayon Əlillər Cəmiyyəti Ceyhuna Qənbərova
23.10.2016

“Salam. Mən bura 2 övladımla gəlmişəm. Tamaşa çox xoşumuza gəldi. Mən həmişə övladlarımı bura gətirirəm. Biz 132-134 saylı Təhsil Kompleksinin uşaqları ilə gəlmişik. Tamaşanız çox maraqlıdır. Qızım tülkünü çox sevir. Deyir, tülkü hiyləgər yox, ağıllıdır.. Siz bizim uşaqları çox sevindirdiniz. Buna görə və ən əsası bu tamaşaya görə sizə minnətdarlığımızı bildiririk”.
Abdullayeva Aytən
12.11.2016

“Suraxanı rayonu 316 saylı məktəb şagirdləri ilə birlikdə baxdığımız “Buratinonun macəraları” tamaşasını çox bəyəndik. Aktyorlar, səhnə tərtibatı çox maraqlıdır. Gənc Tamaşaçılar Teatrında baxdığımız “Ələddinin sehrli çırağı”, “Göyçək Fatma”, “Danışan gəlincik” tamaşaları şagirdlərimizin çox xoşuna gəlir. Zəhmət çəkən aktyorlara uğurlar arzulayıram. Allah hamınıza kömək olsun. Maaşlarını yüksəltsin. Incəsənət adamlarına daha çox tələb var”.
316 saylı mətəb Xəyalə Sadıqova
18.11.2016

“Buratinonun macəraları” tamaşasında öz sinfimlə iştirak edirəm. Tamaşa çox maraqlı idi. Aktyorlar çox məharətlə öz rollarını ifa edirdilər. Səhnə dekorasiyası hər şeyi tamamlayırdı. Musiqi və işıq effekti bunlara xüsusi gözəllik vermişdi. Buratino, Tortilla, Papa Karlo xüsusilə xoşumuza gəldi. Bütün tamaşa boyu şagirdlərimin sevincini hiss etdim. Bunun üçün mən həm öz adımdan, həm də şagirdlərimin adından bu tamaşada əməyi olan hər bir kəsə öz dərin minnətdarlığımı bildirirəm. Gələcək işlərinizdə sizə açıq yol”.
Hömətlə, 71 saylı məktəbin müəllimi Mətanət Rəcəbova
18.11.2016

“Balaca və damda yaşayan Karlson” tamaşası çox maraqlı oldu. Uşaqlar tərəfindən çox maraqla qarşılandı. Səhnə tərtibatından aktyorlara qədər demək olar ki, hər şey çox mükəmməl idi. Bu gözəl günə görə əməyi keçən hər kəsə təşəkkürlər”.
T.Qasımov
19.11.2016

“Tamaşa həddən artıq gözəl idi. Aktyorlar çox həvəs və məharətlə öz rollarını ifa edirdilər. Elə buna görədir ki, mən öz uşaqlarımı sizin tamaşalara tez-tez gətirirəm. Həmişə belə olun”.
Günay İskəndərova
19.11.2016

“Salam. 26.11.2016-cı il tarixində “Qoğalın nağılı” tamaşasına gəldik. Tamaşadan çox məmnun qaldıq. Aktyorlara və burada işləyən hər kəsə gözəl rəftara görə öz minnətdarlığımı bildirirəm. Çox gözəl təəssüratlarla buradan ayrılırıq. Çox sağ olun, var olun. Gələn görüşlərədək”.
Fidan
26.11.2016

“Uzuncorab Pippi” tamaşasının təşkilatçılarına və aktyor heyətinətəşəkkür edirik. Tamaşadan məmnun qaldıq. Uğurlar arzu edirik”!
Şəhla İsmayıl
03.12.2016

“Bu gün ikinci dəfədir ki, Gənc Tamaşaçılar Teatrında oluruq. Mən çox şadam ki, göstərilən tamaşaların izləyicisiyəm. Nəinki mən, eyni zamanda oğlum Mirzəli də sizin tamaşaları sevə-sevə izləməyə gəlir.
Sizə və kollektivinizə daha gözəl tamaşalar yaratmağı arzulayıram. Sizi və kollektivinizi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edirəm”.
Zəminə Rzazadə



Teatrın mətbuat xidməti


Copyright © 2017, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX