История театра    |      History of theatre    |      تاريخ المسرح

Teatrın tarixi



Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı - 90

    2018-ci il noyabr ayının 06-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaranmasının 90 ili tamam olur.
    Azərbaycan Xalq Maarif Komissarlığının 1928-ci il 20 sentyabr tarixli qərarı ilə Bakı Uşaq teatrı rəsmi olaraq fəaliyyətə başlamışdır. Teatrın ilk aktyorları və rejissorları Ağadadaş Qurbanov, Məmmədağa Dadaşov, Yusif Əminli, Minə Abdullayeva, Yusif Dadaşov, Susanna Məcidova, Cavahir İskəndərova, Süleyman Ələsgərov, Hüseynağa Sadıxov, Kərim Həsənov, Zəfər Nemətov, Məhərrəm Haşımov, Əliməmməd Atayev və başqaları olmuşdur.
    Teatrın rus bölməsi 1928-ci il noyabr ayının 06-da N.Smirnov və S.Şerbakovun “Beş nəfər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa ilə, Azərbaycan bölməsi isə 1930-cı il yanvar ayının 30-da N.İvanterin “Qırmızı qalstuk əleyhinə” adlı əsəri ilə öz fəaliyyətinə başlamışdır.
    1936-cı il iyul ayının 18-dən etibarən Bakı Uşaq teatrı Azərbaycan Xalq Maarif Komissarlığının əmrinə əsasən “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı” adlandırılmışdır.
    Fəaliyyət göstərdiyi dövrdə öz tamaşaçılarına nümunəvi xidmət göstərən, gənc nəslin estetik tərbiyəsində və vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səmərəli fəaliyyətinə görə 1978-ci ildə Respublika Lenin Komsomolu Mükafatı Laureatı adına, 1979-cu ildə isə “Şərəf” nişanı Ordeninə layiq görülmüşdür.
    2006-cı ildən başlayaraq kollektiv dünyanın bir sıra ölkələrində keçirilən Beynəlxalq Teatr Festivallarında fəal iştirak etməyə başladı. Teatr dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından fraqmentlərlə 2006-cı ilin dekabr ayında Moskva Vilayətinin Podolsk şəhərində keçirilən II Beynəlxalq Teatr Festivalının Qala-konsertində, 2007-ci ilin aprel ayında Türkiyə Cumhuriyyətinin Alanya şəhərində ənənəvi olaraq keçirilən 23 nisan Uşaq Bayramında N.Gəncəvinin “Xeyir və Şər”, R.Rzanın “Ana Qaz” və İ.Coşqunun “Çal oyna” tamaşaları ilə, 2008-ci ilin aprel ayında ikinci dəfə Türkiyə Cumhuriyyətinin Ankara və İqdır şəhərlərində 23 nisan Uşaq bayramı şənliklərində Ə.Orucoğlunun “Nənənin kələyi”, mart ayının 27-dən aprelin 4-dək Belorusun paytaxtı Minsk şəhərində R.Rzanın “Ana qaz” və S.Marşakın “Pişiyin evi”, may ayında isə Moskva vilayətinin Dmitrov, Taldom və Dubna şəhərlərində İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” və S.Marşakın “Pişiyin evi” tamaşaları ilə uğurla çıxış etmişdir.
    Teatr 2009-cu il may ayının 26-dan iyunun 6-dək növbəti dəfə Kazan şəhərində keçirilən Türkdilli ölkələrin ənənəvi 9-cu Beynəlxalq Teatr festivalında Ə.B.Haqverdiyevin “Pəri Cadu” tamaşası ilə respublikamızı uğurla təmsil etmişdir.
    Kollektiv 2010-cu il 4-11 iyun tarixlərində Simferopol şəhərində keçirilən XII Beynəlxaq Antik İmcəsənət Festivalda G.Fiqeyredonun “Ezop” tamaşası ilə çıxış edərək, festivalın ən yaxşı Antik tamaşa mükafatına layiq görülmüşdür.
    2011-ci il 4-8 fevral tarixlərində İran İslam Respublikasının Qurqan şəhərində keçirilmiş 32-cu Beynəlxalq “Fəcr” teatr festivalında kollektiv “Otello” tamaşası ilə çıxış edərək, uğurlu nailiyyətlərlə vətənə dönmüşdür.
    Kollektiv 2011-ci ilin 10-20 noyabr tarixlərində Sankt-Peterburqda keçirilən II Beynəlxalq “ArtOkraina” mono və kiçik həcmli tamaşaların festivalında P.Züskindin “Kontrabas” monotamaşası ilə uğurla çıxış etmişdir.
    Teatr Əl-Füceyra Əmirliyində (BƏƏ) keçirilən V Monodram Beynəlxalq Teatr Festivalında iştirak edərək, Avstriya dramaturqu və publisisti Peter Turrininin “Axır ki...” adlı monotamaşası ilə ölkəmizi layiqincə təmsil etmişdir. 2012-ci ilin yanvar ayının 28-dən - fevral ayının 2-dək teatrın başqa bir heyəti İran İslam Respublikasında ənənəvi olaraq keçirilən 33-cü Beynəlxalq “Fəcr” Teatr Festivalında, həmin ilin sentyabr ayının 6-dan – 11-dək isə Belarus Respublikasının Brest şəhərində XVII Beynəlxalq “Belaya Veja” adlı teatr festivalında “Don Rafaello tranbomçu” tamaşaları ilə uğurla çıxış etmişdir.
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2009-cu il 41 nömrəli qərarına əsasən Azərbaycan Dövlət Gənclər Teatrı və 30 sentyabr 2009-cu il tarixli qərarına əsasən Bakı Kamera Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirilmişdir. Elə həmin ilin aprel ayında başa çatmış əsaslı təmir və yenidənqurma işlərindən sonra teatr yeni texnika və müasir dizaynla təmin edilmiş binada fəaliyyətini davam etdirmişdir.
    2011-ci ilin may ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİTEJ-ə üzv seçilməsi teatr sahəsində yaradıcılıq mübadiləsi və dünya teatr məkanına inteqrasiya baxımından olduqca əhəmiyyətli hadisə olmuşdur. Bir müddət sonra isə həmin beynəlxalq qurumun Azərbaycanda milli mərkəzi yaradılmışdır. 2011-ci ilin noyabr ayında ASSİTEJ-in prezidenti İvetta Hardinin iştirakı ilə Milli Mərkəzin ilk toplantısını keçirilmişdir. 2012-ci ilin fevral ayında Beynəlxalq ASSİTEJ-in növbəti toplantısı da Bakıda keçirilmiş, ASSİTEJ-ə üzv olan 22 dövlətin teatr mütəxəssisləri Dövlət Gənc Tamaşaçılar Teatrının fəaliyyəti ilə yaxından tanış olmuşlar.
    Yeni təmirli və hər növ avadanlıqlarla təmin olunmuş teatrda repertuar siyasətinə ciddi önəm verilərək qısa zaman kəsiyində bir sıra müasir dramaturgiyamızın ən maraqlı nümunələri ilə bərabər dünya və Azərbaycan klassiklərinin əsərlərinə müraciət edilmişdir. Bu illər ərzində teatrda “Şeyx Sənan” (H.Cavid), “Aydın” (C.Cabbarlı), “Məkkəyə gedən yol” (C.Məmədquluzadə), “Albalı bağı” (A.P.Çexov), “Otello” (U.Şekspir), “Ezop” (G.Fiqeyredo), “Hekayəti xırs quldurbasan” (M.F.Axundov), “Viktoriya” (K.Hamsun), “İfritin kələyi” (Y.Şvarts), “Ələddinin sehrli çırağı” (Ərəb xalq nağılı), “Axırıncı qatar və yaxud itlər” (İ.Fəhmi, O.Kazımi), “Şelkunçik” E.T.A.Hofman), “Yatmış gözəl” (B.Marvin), “Oliver Tvistin macəraları” (Ç.Dikens), “Mənim ağ göyərçinim” (T.Vəliyeva), “Göyçək Fatma” (Azərbaycan Xalq nağılı), “Mən səni sevirəm – MSS” (Ə.Əmirli), “Məhv olmuş gündəliklər” (İ.Əfəndiyev), “Romeo və Cülyetta” (U.Şekspir), “Buzovna kəndinin əhvalatları” (Elçin), “Şahzadə Xəzərin nağılı” (K.Ağabalayev), “Əlincə qalası” (Dilsuz), “Qaraca qız” (S.S.Axundov A.Şaiq), “Dörd əkizin nağılı” (P.Pançev), “Mən gəldim, qızlar” («Müharibə» L.Nuren), “Buratinonun macəraları” (A.Tolstoy), “Balaca və damda yaşayan Karlson” (A.Lindqren), “İtalyansayağı xoşbəxtlik” (D.Fo, P.Filippo), “Danışan gəlincik” (A.Şaiq), “Hasarın o üzü” (Ə.Əmirli), “Qırmızı papaq” (Y.Şvarts), “Qoğalın sərgüzəştləri” (Rus xalq nağılı), “Axır ki, qurtardı” (P.Turrini), “Kontrabas” (P.Züskind), “Dəlinin qeydləri” (N.V.Qoqol), “Sözsüz” (S.Bekket), “Bir gecənin nağılı”, “Sonluğun sonu” (R.Ağayev), “Bir səbər tənhalıq” (M.Vahidzadə), “Cəza” (T.Vəlıyeva), “Dəcəl keçi” (P.Nurəliyeva), “Çirkin ördək balası” (H.X.Andersen), “Dovşanın ad günü” (X.Əlibəyli), “Möcüzəli turp” (Rus Xalq nağılı), “Uzuncorab Pippi” (A.Lindqren), “Aycan” (X.Əlibəyli), “Qrinç” (R.Hovard), “Çipollino” (C.Rodari), “Qulliver cırtdanlar ölkəsində” (C.Svift), “Lineyn vilayətinin gözəllik kraliçası”, “Konnemarada bir kəllə”, “Yalqız Qərb” (M.MakDonax), “Sarıköynəklə Valehin nağılı” (İ.Əfəndiyev), “Ağ ölüm” (V.Siqarev), “III Riçard” (U.Şekspir), “Miras” (H.Mirələmov), “Xortdanın cəhənnəm məktubları” (Ə.Haqverdiyev), “Arzu və Murad” (S.Elsevər), “Mehmanxana sahibəsi” (K.Qoldoni), “Leyli və Məcnun” (M.Füzuli), “Ünvansız qatar” (Ə.Əmirli), “Yarımçıq qalmış” (Y.Abramov, L.Bəyim), “Eşq-i Nigar” (“Koroğlu” dastanı əsasında) kimi əsərlər böyük müvəffəqiyyətlə səhnələşdirilmişdir.
    Gənc nəslin mənəvi cəhətdən kamilləşməsində, onların dünyagörüşünün formalaşmasında və Vətənə məhəbbət ruhunda tərbiyə olunmasında əvəzsiz xidmətləri olan teatr bu istiqamətdə bir sıra əhəmiyyətli layihələrə imza atıb. Belə ki, ölkənin qabaqcıl təhsil müəssisələri ilə “Teatr, təhsil və mənəviyyatımız”, “Biz teatrı sevirik”, “ İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci”, Azərbaycanın dahi şəxsiyyətlərini daim diqqətdə saxlayan teatr “Zirvədəki şəxsiyyətlər”, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” layihələrini həyata keçirmişdir. Bundan başqa, “Azərbaycan Teatrı 2009-2019 illərdə” Dövlət Proqramı, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi, Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrının 140 və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 85 illik yubileyləri çərçivəsində uşaq və gənclərdə qədim və zəngin tarixə malik Azərbaycan teatrı, onun inkişafı, Beynəlxalq əlaqələri, Dövlətimizin Azərbaycan teatrına və onun sənət adamlarına göstərdiyi diqqət və qayğısı, eləcə də, görkəmli sənət adamları haqqında məlumatları genişləndirmək məqsədləri ilə “Mən teatr haqqında danışmaq istəyirəm” layihəsi həyata keçirilmişdir. Bakı şəhər orta ümumthəsil məktəblərini əhatə edən sözügedən layihə çox böyük maraqla qarşılanmışdır.
    2013-cü ilin dekabr ayında teatrın kiçik səhnəsinin açılış mərasimi keçirilmişdir. Mono və kiçik həcmli tamaşalar üçün nəzərdə tutulmuş səhnədə S.Bekketin “Sözsüz”, M.Vahidzadənin “Bir səbət tənhalıq”, R.Ağayevin “Bir gecənin nağılı” tamaşalarının premyeraları nümayiş etdirilmişdir. Son illər isə daha üç tamaşa – “Sonluğun sonu” (R.Ağayev) və “Vurğuna vurğun gəlin” (Z.Ziyadoğlu), “Cəza” (T.Vəliyeva) hazırlanaraq paytaxt tamaşaçıları ilə bərabər, xarici ölkələrdə keçirilmiş Beynəlxalq Teatr Festivallarında da nümayiş etdirilmişdir.
    Bu illər ərzində dünya teatrları ilə qarşılıqlı yaradıcılıq əlaqələri uğurla davam etdirilmişdir. Belə ki, 2012-ci ilin noyabr ayında Rusiya Federasiyasının Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı, 2013-cü ilin mart ayında Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram Teatrı Bakıda qastrol səfərində olmuşlar. Teatr rəhbərlikləri arasında bağlanılmış qarşılıqlı qastrol səfəri haqqındakı müqaviləyə əsasən 2013-cü il sentyabr ayının 29-dan oktyabr ayının 7-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiya Federasiyasının Həştərxan Dövlət Gənc Tamaşaçılar və Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram Teatrlarında qastrol səfərində olmuş və R.Rzanin “Ana qaz”, L.Nurenin “Müharibə” tamaşaları ilə çıxış etmişdir.
    Teatrın kollektivi 2013-cü ilin mart ayının 26-dan – 4 aprel tarixlərinədək ASSITEJ-in Şri-Lanka Mərkəzinin təşkilatçılığı ilə Kolombo Beynəlxalq Monotamaşalar Festivalında iştirak edərək P.Züskindin “Kontrabas” tamaşasını nümayiş etdirmişdir. Festival çərçivəsində Şri-Lankanın Battikaloa şəhərində yerləşən Şərq Universitetində keçirilmiş beynəlxalq konfransda teatrın direktoru “Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrı – 140” və “Azərbaycan Teatrının dünya teatrları ilə beynəlxalq əlaqələri və dünya teatr məkanına inteqrasiya” mövzularında çıxış etmişdir.
    2013-cü ildə Rusiya Federasiyası B.Basanqov adına Kalmık Milli Dram Teatrı və Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrları ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı arasında yaradıcılıq əlaqələri möhkəmlənərək sonrakı illər üçün körpü rolunu oynamış, qarşılıqlı qastrol səfərlərinin sayı durmadan artmış, günümüzədək də davam etdirilməkdədir.
    Bu gün Kalmık Milli Dram Teatrı ilə bağlanmış qarşılıqlı yaradıcılıq müqaviləsi hər iki teatr üçün yeni səhifə açmışdır. Isti münasibətlər, qarşılıqlı anlaşma qastrol səfərlərini rejissor və aktyor mübadiləsi istiqamətinə çevirə bilmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov Kalmık Milli Dram Teatrının səhnəsində “Sevən qadın” (Ə.Əmirli) və “Gözlə məni” (S.Balıkov) tamaşalarını hazırlamış, Kalmık teatrının bədii rəhbəri Boris Manciyev isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Xortdanın cəhənnəm məktubları” (Ə.Haqverdiyev) və “Qohumlar” (V.Şuqrayeva, Ə.Əmirli) tamaşalarını hazırlayaq təhvil vermişdir.
    2014-cü ilin sentyabr ayında keçirilmiş I Şəki Beynəlxalq Teatr Festivalında teatrımız İsveç dramaturqu Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”), 12-20 sentyabr tarixlərində Belarusun Brest şəhərində keçirilmiş XIX “Belaya Veja” (“Ağ qala”) Beynəlxalq Teatr Festivalında Samuel Bekketin “Sözsüz”, 7-14 oktyabr tarixlərində Rusiyanın Perm şəhərində keçirilmiş I Beynəlxalq Martin MakDonax Festivalında “Lineynin trilogiyası”na daxil olan “Yalqız Qərb”, 2016-cı ilin aprel ayının 29-dan – may ayının 2-dək Türkiyə Cumhuriyyətinin Trabzon şəhərində keçirilmiş XVII Qara dəniz ölkələri Beynəlxalq Teatr Festivalında Matey Vişnekin “Qoca kloun”, may ayının 21-dən – 26-dək Moskva vilayətinin Lobnya şəhərində keçirilən “Rus klassikası” XXI Beynəlxalq Gənclər Teatr Festivalında N.V.Qoqolun “Dəlinin qeydləri”, may ayının 27-dən – iyun ayının 2-dək Rusiya Federasiyası Orenburq vilayətində keçirilmiş “Гостиный двор” VIII Beynəlxalq Teatr Festivalında Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”), may ayının 28-dən – iyun ayının 3-dək Böyük Britaniyada fəaliyyət göstərən “UMUD Ltd Company” şirkətinin dəvəti ilə M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan”, 2016-cı ilin 1-7 oktyabr tarixlərində II Beynəlxalq Martin MakDonax Festivalında “Gözəllik kraliçası”, 11-17 oktyabr tarixlərində Vilnüs və Visaginasda keçirilmiş “Atspindys” XI Beynəlxalq Monotamaşalar Festivalında S.Bekketin “Sözsüz”, 21-26 noyabr tarixlərində “MOLDFEST.RAMPA.RU” VIII Beynəlxalq Teatr Festival-laboratoriyasında N.V.Qoqolun “Dəlinin qeydləri”, 19-30 aprel 2017-ci il tarixlərində Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar, Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar və Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrında P.Nurəliyevanın “Dəcəl keçi”, 20-26 aprel 2017-ci il tarixlərində Rusiya Federasiyası İvanov vilayətinin Kineşma şəhərində keçirilən “İsti ürək” adlı III Beynəlxalq Teatr Festivalında N.V.Qoqolun “Dəlinin qeydləri”, 12-18 iyun tarixlərində Astanada “Səhnədən salam” V Beynəlxalq Teatr Festivalında L.Nurenin “Mən gəldim qızlar”, 28 iyun – 3 iyul tarixlərində Belarusda Mogilyovsk vilayəti Bobruysk şəhəri XIV “Dostluq çələngi” Beynəlxalq Xalq Yaradıcılıq Festivalında P.Züskindin “Kontrabas”, 7-14 sentyabr 2017-ci il tarixlərində “Tuqanlıq” Türkdilli teatrların VI Beynəlxalq festivalında “Cəza” (T.Vəliyeva), 30 sentyabr – 6 oktyabr tarixlərində Rusiya Federasiyasının Elista şəhərində (Kalmıkiya Respublikası) keçirilən “Keyeda” uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalında A.Şaiqin “Tıq-tıq xanım”, oktyabr ayının 3-dən 9-dək Ukrayna Respublikasının Kiyev şəhərində keçirilən “Mariya” adlı Beynəlxalq mono tamaşalar və oktyabrın 25-dən 28-dək Rusiyanın Nijnevartovsk şəhərində keçirilən “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivallarında «Kontrabas” monotamaşası ilə uğurla çıxış etmişdir. 2018-ci il 18-28 yanvar tarixlərində İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş 36-cı Beynəlxalq “Fəcr” teatr festivalında və 03-08 mart 2018-ci il tarixində Hindistanda keçirilmiş VIII Beynəlxalq Teatr Olimpiadasında T.Vəliyevanın “Cəza” tamaşası ilə ölkəmizi uğurla təmsil etmişdir. Kollektiv bütün Beynəlxalq tədbirlərdən diplomlar, mükafatlar və yeni yaradıcılıq təklifləri ilə vətənə dönmüşdür.
    Bu illər ərzində teatrın yaradıcı heyətinin təcrübə mübadiləsinə, onların peşəkarlıq səviyyələrinin artırılmasına xüsusi diqqət göstərilmişdir. Elə buna görə də teatrımızın aktyor və bədii heyət nümayəndələrinin sorağı dünyanın ən müxtəlif ölkələrində keçirilən yay məktəblərindən, beynəlxalq laboratoriyalardan, ustad dərslərindən, ayrı-ayrı teatr səhnələrindən gəlməkdədir.
    Teatr həm də müxtəlif ölkələrin tanınmış teatr mütəxəssislərini Azərbaycana dəvət etməklə qarşılıqlı yaradıcılıq əlaqələrinin qurulması baxımından da proqressiv işlər görmüşdür.
    Hazırda teatrda ciddi yaradıcılıq işləri gedir. Yeni tamaşaların hazırlanması ilə yanaşı, bir neçə ölkədə keçiriləcək festivallarda iştirak etmək üçün həmin festivalların rəhbərləri ilə danışıqlar aparılır.
    Azərbaycan Milli teatr sənətinin ayrılmaz qolu olan Dövlət Gənc Tamaşaçılar Teatrı bir sıra müqtədir səhnə xadimləri yetişdirmişdir. Bunlardan bir çoxu sonradan öz yaradıcılıqlarını Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında davam etdirmişlər. Xalq artistləri Ağadadaş Qurbanov, Əliağa Ağayev, Süleyman Ələsgərov, Firəngiz Şərifova, Yusif Vəliyev, Hüseynağa Sadıxov, Lütfi Məmmədbəyov, Aleksey Lejnyov, Georqiy Sıqankov, Xuraman Hacıyeva, Gülşən Qurbanova, Solmaz Qurbanova, Əməkdar Artistlər Məmmədağa Dadaşov, Osman Hacıbəyov, Rəhilə Məlikova, Susanna Məcidova, Məfxurə Yermakova, Firdovsi Naibov, Tamara Razumovskaya, Anatoliy Dobronetskiy, Arnold Xarçenko, Cəvahir İskəndərova, Ruxsarə Ağayeva, Mübariz Paşayev, Azər Mirzəyev və digər dünyasını dəyişmiş aktyorlar Azərbaycan teatr tarixinə adlarını böyük hərflərlə yazdıra bilmişlər.
    Yuxarıda adları göstərilən sənətkarların uğurlu davamçıları isə bu gün Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində bir-birindən maraqlı tamaşalara imza atmaqdadırlar.
    Vaxtı ilə teatrda maraqlı quruluşlar vermiş Xalq Artistləri Aleksandr Tuqanov, Məhərrəm Haşımov, Tofiq Kazımov, Ağakişi Kazımov, Azərpaşa Nemətov, əməkdar incəsənət xadimləri Zəfər Nemətov, Hüseyn Sultanov, Ulduz Rəfili-Əliyeva, əməkdar artist Kərim Həsənov kimi rejissorları indi Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, Xalq Artistləri Cənnət Səlimova, Vaqif Əsədov, Əməkdar Artist Nicat Kazımov, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlu və gənc rejissor Gülnar Hacıyeva əvəz etmişlər.
    Azərbaycan milli teatr sənətinin inkişafında uzun illik səmərəli fəaliyyətinə görə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında hazırda 5 nəfər Azərbaycan Respublikasının Xalq artisti, 22 nəfər Azərbaycan Respublikasının Əməkdar artisti, 2 nəfər Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi, 2 nəfər Kalmıkiya Respublikasının Əməkdar Artisti, 3 nəfər Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 6 nəfər Prezident təqaüdçüsü, 12 nəfər Prezident mükafatçısı çalışır. Bundan başqa bu illər ərzində teatrın 11 nəfər əməkdaşı Mədəniyyət Nazirliyinin təsis etdiyi “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşlar.
    90 yaşlı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu gün də öz ənənəsinə sadiq qalaraq, bütün yaş təbəqələrini əhatə edən yeni-yeni maraqlı tamaşalarla öz tamaşaçılarını sevindirməkdədir.


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX