Rəhbərlik



     Direktor: HƏMİDOV MÜBARİZ ŞƏFAYƏT oğlu

     12 iyul 1956-cı ildə Göyçay şəhərində anadan olub. M.Həmidov 1975-79-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsində ali təhsil alıb.
     1979-2000-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor, 2000-ci ildən 2006-cı ilin yanvar ayına kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət baş idarəsində (hazırda incəsənət şöbəsi) aparıcı mütəxəssis, baş mütəxəssis və baş məsləhətçi vəzifələrində çalışıb.
     Nazirlikdə işlədiyi müddətdə Respublika Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə keçirilən irimiqyaslı dövlət tədbirlərinin, yubileylərin, festivalların və müsabiqələrin, incəsənət bayramlarının təşkili və hazırlanmasında fəal iştirak etmiş, respublikamızın ayrı-ayrı dövlət teatrları ilə birgə müxtəlif ölkələrdə keçirilən Beynəlxalq nüfuzlu Teatr festivallarının iştirakçısı olub.
     Heydər Əliyev adına Sarayda keçirilən çoxsaylı dövlət tədbirlərinin – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 10 illiyi, Dünya Azərbaycanlılarının I qurultayı, Görkəmli el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 175 illiyi, nakam şairimiz Mikayıl Müşviqin 90 illiyi, Xalq şairi Rəsul Rzanın 90 illiyi, Dövlət Rəqs Ansamblının yaradılmasının 30 illiyi, Xalq Artisti Şövkət Ələkbərovanın 80 illiyi, SSRİ Xalq Artisti Fikrət Əmirovun 80 illiyi, Hüseyn Cavidin 120 illik yubileyi, Aşıq Şəmşirin 110 illiyi, İ.Əfəndiyevin 90 illik yubileyi, Üzeyir Hacıbəyovun 120 illik yubileyi, SSSRİ Xalq Artisti Rəşid Behbudovun 90 illiyi, Ümummilli liderimiz Heydər Əliyevin vəfatının qırx günlüyünə həsr olunmuş anma mərasiminin, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında mərhum akademik Zərifə xanım Əliyevanın anadan olmasının 80 illiyi, ümummilli lider, mərhum Prezdentimiz Heydər Əliyevin anadan olmasının 80 illiyi, habelə 2003-cü ilin oktyabrında Prezident seçkiləri ərəfəsində respublika stadionunda gənclərin III Forumuna həsr olunmuş Ümumrespublika tədbirinin, həmin il oktyab ayının 31-də Heydər Əliyev adına Sarayda Respublika Prezidentinin andiçmə mərasiminin, Azadlıq meydanında keçirilmiş təntənəli konsert proqramının və digər irimiqyaslı tədbirlərin ssenari müəllifi, redaktoru və təşkilatçılırından biridir.
     M.Həmidov 2000-ci ildə Azərbaycan teatr sənətinin inkişafındakı uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunmuşdur.
     2006-cı il yanvar ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru vəzifəsinə təyin edilmişdir.
     Onun teatra rəhbərlik etdiyi müddətdə kollektiv Türkiyənin Ankara, İğdır, Alanya, Antalya, Dənizli, Rusiyanın Sankt-Peterburq, Moskva, Həştərxan, Perm şəhərləri, Kalmıkiya və Belarus Respublikaları, Şri-Lankanın paytaxtı Kolomboda, Birləşmiş Ərəb Əmirliyi, İran və bir sıra digər ölkə və şəhərlərdə qastrol və festivallarla uğurla çıxış edərək bir sıra mükafatlara layiq görülmüşdür.
     2011-ci ilin may ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Beynəlxalq teatr təşkilatı olan ASSİTEJ-in ölkəmizdə Milli Mərkəzi, həmin ilin iyun ayında isə Mübariz Həmidov ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin prezidenti seçilmişdir. 2012-ci ilin fevral ayında Beynəlxalq ASSİTEJ –in növbəti toplantısı da Bakıda keçirilmiş, ASSİTEJ-ə üzv olan 22 dövlətin teatr mütəxəssisləri Gənc Tamaşaçılar Teatrının fəaliyyəti ilə yaxından tanış olmuşlar. 2012-ci ilin noyabr ayında ASSİTEJ-Azərbaycan Milli Mərkəzi və Dövlət Gənc Tamaşaçılar Teatrı olaraq II Bakı Beynəlxalq Teatr Konfransının işində yaxından iştirak edərək gələcək layihələrin və Beynəlxalq tədbirlərin reallaşması istiqamətində müqavilələr imzalanmışdır. 2014-cü ildə baş tutmuş "Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri" adlı III Beynəlxalq Teatr Konfransında Beynəlxalq ASSİTEJ-ə üzv olan 20-dən artıq ölkə fəal iştirak etmişdir. Beynəlxalq ASSİTEJ-ə üzv olduqdan sonra M.Həmidovun rəhbərliyi ilə kollektiv bir sıra beynəlxalq teatr təşkilatı və qurumları ilə əməkdaşlıqlarını genişləndirmiş, birgə layihələrin həyata keçirilməsi üçün müqavilələr imzalanmışdır. 2007-ci ildən M.Həmidov Yeni Azərbaycan Partiyasının üzvüdür.
     M.Həmidov 2010-cu ildə Media Print MMC və AKBA Yayıncılık LTD tərəfindən “İlin teatr xadimi” nominasiyası ilə “İlin markası mükafatı”na, 2011-ci il may ayının 18-də Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Azərbaycan bayrağı” diplomuna, Alman - Azərbaycan Cəmiyyəti tərəfindən “Alman – Azərbaycan dostluq ənənələrinin inkişafına görə” “Körpü” diplomuna, 2012-ci ildə “Kitab evi” İctimai Birliyi tərəfindən “teatr sənətinə xidmətinə və ictimai təşkilatçılığına görə” “Vətən naminə” və “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin “Azərbaycan teatr sənətinin yüksək səviyyədə təbliğindəki xidmətlərinə görə” “Ana Yurd” fəxri diplomuna, 2012-ci ilin aprel ayında Almaniyada N.Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu tərəfindən “Ölkəmizin mədəniyyətinin, ədəbiyyatının, dilinin geniş miqyaslı təbliğinə və Azərbaycan həqiqətlərinin dünyaya çatdırımasında layiqli xidmətlərinə görə” fəxri fərmana, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatındakı siyasi və təşkilati işlərdəki fəaliyyətinə görə fəxri fərmana, 2013-cü ilin may ayında İrəli İctimai Birliyinin Mədəniyyət və İncəsənət Mərkəzi tərəfindən keçirilən «Teatr günləri» layihəsində göstərdiyi dəstəyə görə təşəkkürnaməyə, iyun ayında Azərbaycan Universitetinin fəxri fərmanına, 2013-cü ilin oktyabr ayında Rusiya Federasiyasının Teatr Xadimləri İttifaqının K.S.Stanislavski adına mükafatına, Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin fəxri fərmanına, 2014-cü ilin iyul ayında “Avropa Nəşr Mətbu Evi” tərəfindən “mədəniyyət ocaqlarının müasir tələblər səviyyəsində işinin qurulmasında olan yaradıcı elmi təkliflərinə, torpağına-Vətəninə sonsuz sevgisinə, gənclərdə Vətənpərvərlik hisslərinin aşılanmasında, Ümummilli lider Heydər Əliyev ideyalarının sədaqətlə yerinə yetirilməsində və Azərbaycan mədəniyyətinin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə” qızıl medal və diploma, 2015-ci ilin aprel ayında “Səməd Vurğununun şəxsiyyəti və yaradıcılığına olan tükənməz sevgisinə, şairin ev-muzeyində keçirilən tədbirlərə dəstəyinə görə” “Səməd Vurğun mükafatı”na layiq görülmüşdür.
     Azərbaycan və Rusiya teatrlarında yaradıcılıq əlaqələrinin qurulması və daha da inkişaf etdirilməsi sahəsində yüksək təşkilatçılıq qabiliyyətinə və fəallığına görə M.Həmidov 2014-cü ilin mart ayının 27-də Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Fəxri adına layiq görülmüşdür.
     O, 2014-cü ildə II çağırış Səbail rayon bələdiyyəsinə üzv seçilmişdir.





     Direktor müavini: DÜNYAMALIYEV FƏXRƏDDİN ADİL oğlu

     14 sentyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. F.Dünyamalıyev 1997-2002-ci illərdə Bakı Biznes Universitetinin maliyyə və kredit fakultəsində ali təhsil alıb.
    1986-89-cu illərdə "Ulduz" Bakı kondisionerləri zavodunda radio aparatları üzrə II dərəcəli çilingər-yığıcı, Caparidze adına klubda radio dərnəyinin rəhbəri vəzifələrində çalışıb.
    1989-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında iş fəaliyyətinə başlayaraq I kateqoriyalı texnik-radist, səs rejissoru, radio sexin rəisi, baş inzibatçı vəzifələrində çalışıb.
    2006-cı ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına direktor müavini vəzifəsinə təyin edilib.


Copyright © 2017, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX