Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsi yad edildi



07.02.2020
Fevralın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Anım tədbiri dövlət himninin səslənməsi və soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra teatrın pedaqoq-təşkilatçısı, Əməkdar artist Ötkəm İsgəndərov Azərbaycan xalqının erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilməsindən danışaraq Xocalı soyqırımının heç zaman unudulmayacağını vurğulayıb. Natiq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan qoşunlarının Xocalı şəhərinə hücumu nəticəsində 613 nəfərin öldürüldüyünü, bu soyqırımı faktının dünyada tanısılmasını, cinayətkarların cəza alacağına inamı qeyd edib.
Daha sonra tədbir iştirakçıları yazıçı-dramaturq Tamara Vəliyevanın müəllifi olduğu “Mənim ağ göyərçinim” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşaya baxıblar. Səhnə əsərinin süjeti azadlıq və müstəqillik uğrunda canlarını qurban vermiş gənclərin nakam həyat hekayəsi əsasında qurulub.
Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverovdur.


Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX