Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün “Qızıl balıq”

tamaşası hazırlanır



02.04.2019
     Gənc Tamaşaçılar teatrında Pərvinin “Qızıl balıq” (A.S.Puşkinin “Balıqçı və balığın nağılı” əsərinin motivləri əsasında) pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıb. Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir. Səhnə tərtibatı Reyhan Aslanova və Şahin Hüseynliyə aiddir. Tamaşada əsas rolları əməkdar artistlər Elşən Rüstəmov, Elnur Hüseynov, Kəmalə Hüseynova, Zemfira Əbdülsəmədova, aktyorlar Asya Atakişiyeva, İlahə Əmirxanova, İmran Qurbanov, Nuranə Hüseynova, Könül Əbilova, Xaliq Bəkirov, Nurlan Süleymanlı canlandıracaqlar.
     Pyesin ilk oxunuşunda tamaşanın rejissoru Elşad Rəhimzadə uşaqların mənəvi-estetik cəhətdən tərbiyəsi üçün bu cür mövzulara müraciət etməyin mühüm olduğunu vurğulayıb: “Bu il böyük rus şairi A.S.Puşkinin 220 illiyi tamam olur. Puşkin təkcə rus yox, dünya incəsənətinə, ədəbiyyatına təsir etmiş sənətkardır. Bu münasibətlə teatrımızın rəhbərliyi yazıçı-dramaturq Pərvinin “Qızıl balıq” pyesinə quruluş verməyi mənə həvalə etdilər. Ümumiyyətlə balacaların tərbiyəsi, şəxsiyyətin formalaşdırılması üçün belə ibrətamiz əsərlərin qoyulması, onlara təqdim olunması vacibdir. Gözütoxluğu, sədaqəti təbliğ edən bu səhnə əsərinin balaca tamaşaçılarımızın ürəyincə olacağına inanırıq”.
     Qeyd edək ki, tamaşanın premyerası may ayının ilk ongünlüyünə nəzərdə tutulub.


Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX