Gənc Tamaşaçılar Teatrında “Şən Elf və cadugər” tamaşasının

premyerası oldu



07.12.2019
     Dekabrın 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İngilis nağıllarının motivləri əsasında uşaqlar üçün “Şən Elf və cadugər” tamaşasının premyerası baş tutub. Əsərin quruluşçu rejissoru, rus dilindən tərcümə edən və səhnələşdirəni Ayla Osmanovadır. Tamaşanın quruluşçu rəssamı Nisə Qələmova, musiqi tərtibatçısı Zaur Rəşidovdur, plastik həll Ceyhun Dadaşova aiddir. Uşaqlara saf hissləri, doğmalığı, dostluğu təbliğ edən bu səhnə əsərində teatrın istedadlı aktrisaları Səbinə Məmmədova, Təhminə Məmmədova, Hökümə Rəhimzadə, Nuranə Hüseynova, İlahə Əmirxanova, aktyorlar Nurlan Süleymanlı və İmran Qurbanov rol alıblar.
     Səhnə əsərinin rejissoru, bir çox uşaq tamaşalarına quruluş verən Ayla Osmanova premyeranın hər zaman həyəcanlı keçdiyini deyib: “Həqiqətən bu günlər çox həyəcanlıyıq. Amma balacaların sevincini görəndə anladıq ki, məqsədimizə nail olmuşuq. Uşaqlar üçün tamaşa qurmaq sadə deyil. Çünki onları aldatmaq mümkünsüzdü. Hər zaman deyirik ki, bizim əsas məqsədimiz balacaları əyləndirmək, dünyanın gözəl olduğuna inandırmaq olmalıdır. Biz özümüzü onlarla eyni yaşda hiss etməyə və nə istədiklərini anlamağa çalışmalıyıq. Uşaqlar hər zaman xeyirin qalib gəlməsini istəyirlər. Biz də məhz buna inanmağa və onların da rəngarəng dünyalarını bir az da gözəlləşdirməyə çalışırıq.”
     Tamaşada əsas rolu, Elf obrazını canlandıran aktrisa Səbinə Məmmədova isə balacaların qarşısında çıxış etməyin məsuliyyətindən danışıb:
“Əminliklə deyə bilərəm ki, uşaq tamaşasının məsuliyyəti daha çoxdur. Əvvəllər Çeburajka, Dəcəl Keçi, Çippolino, Qırmızı papaq obrazlarında uşaqların qarşısına çıxmışam. Amma Elf tamam yeni bir obrazdı. Bir anlıq düşünürəm ki, görəsən gerçək həyatda belələri varmı... Axı Elf hər şeyin əla olduğuna inanır və dəfələrlə də cadugərin tələsinə düşür. Amma hər dəfə də çox şən ovqatda, gülə-gülə xilas olur tələdən. Belə çıxır ki, qəlbimizi saf, beynimizi təmiz saxlasaq, yalanı, rianı məkri özümüzə yaxın buraxmasaq, ədalət mütləq qələbə çalacaq. Elfin nümunəsində olduğu kimi, dostlarımız, doğmalarımız həmişə yanımızda olacaqlar.”
     Qeyd edək ki, tamaşanın xüsusi rəng və işıq effektləri, rəqslər, mahnılar balacaların böyük marağına səbəb olub.


Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX