“Qızıl balıq” tamaşasının premyerası oldu



04.06.2019
     Gənc Tamaşaçılar Teatrında Pərvinin “Qızıl balıq ” (A.S.Puşkinin “Balıqçı və balığın nağılı” əsərinin motivləri əsasında) pyesi əsasında eyniadlı tamaşanın premyerası baş tutub. Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir. Səhnə tərtibatı Reyhan Aslanova və Şahin Hüseynliyə aiddir. Tamaşada əsas rolları əməkdar artistlər Elnur Hüseynov, Zemfira Əbdülsəmədova, aktyorlar Ədalət Əbdülsəmədov, Nuriyə Əliyeva, Asya Atakişiyeva, İlahə Əmirxanova, İmran Qurbanov, Nuranə Hüseynova, Könül Əbilova, Xaliq Bəkirov, Nurlan Süleymanlı canlandırıblar.
     Böyük rus ədibi A.S.Puşkinin 220 illik yubileyinə həsr olunmuş tamaşa balacaların marağına səbəb olub. Quruluşçu rejissor Elşad Rəhimzadə tamaşadan öncə balacalara və onların valideynlərinə müraciət edib: “Əziz valideynlər, uşaqlar. İnanırıq gördüyümüz iş sizlərin ürəyinizcə olacaq. Xüsusən valideynlər ona fikir verməlidirlər ki, mərhəməti, gözü toxluğu tərənnüm edən bu klassik əsər gənc nəslin tərbiyə olunmasında xüsusi əhəmiyyətə malikdir. Ona görə də balacaları teatra gətirmək, bu cür əsərlərlə tanış etmək son dərəcə mühümdür.”
     Şən rəqslərlə, su aləmini ifadə edən musiqi nömrələri ilə müşaiyət olunan səhnə əsərini balacalar sevgiylə qarşılayıblar.


Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX