Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi

haqqında Azərbaycan Respublikası

Prezidentinin Sərəncamı



01.09.2018
     2018-ci ilin noyabr ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradılmasının 90 illiyi tamam olur.
     Mütərəqqi ideyalı səhnə əsərləri ilə gənc nəslin bədii-estetik zövqünün formalaşmasında və yüksək əxlaqi-mənəvi dəyərlərin aşılanmasında mühüm rol oynayan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Azərbaycanın teatr tarixində layiqli yer tutur. Uzun illər ölkənin görkəmli mədəniyyət və incəsənət xadimləri bu Teatrla sıx yaradıcılıq əlaqələri saxlamışlar. Zəngin təcrübəyə malik olub, uğurlu fəaliyyəti sayəsində sənətsevərlərin böyük rəğbətini qazanmış Dövlət Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivallardakı çıxışları ilə müasir Azərbaycanın mədəni nailiyyətlərinin təbliğində yaxından iştirak edir.
     Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə teatr sənətinin inkişafına töhfələr vermiş Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaranmasının 90-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
     1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
     2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

     Mənbə: https://president.az/articles/29339

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyul 2018-ci il.



Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX