ADGTT-nın aktyoru Gürcüstanda dəyirmi masa və

görüşlərdə də iştirak etmişdir...



23.04.2018
     Xəbər verdiyimiz kimi ADGTT-ı rəhbərliyinin göstərişi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədov aprel ayının 13-dən 19-dək Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının 90 illik yubiley tədbirlərində iştirak etmişdir. Aktyor silsilə yubiley tədbirləri ilə yanaşı teatra həsr edilmiş bir sıra dəyirmi masa və görüşlərdə də iştirak etmişdir.
     İlham Əsədov Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze, Tiflisdə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Dram Teatrının Direktoru Varlam Nikoladze ilə görüşləri zamanı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Əməkdar incəsənət xadimi Mübariz Həmidovun xarici ölkə teatr rəhbərləri ilə qarşılıqlı yaradıcılıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi məqsədilə apardığı geniş miqyaslı layihələr, 145 yaşlı Azərbaycan teatrı haqqında geniş məlumatı diqqətə çatdırmışdır. Tiflis Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Azərbaycan dostları” otağının rəhbəri Leyla Əmrahova, “Aktiv qadınlar” assosiasiyasının rəhbəri Gültəkin Mustafayeva ilə baş tutan görüşdə Azərbaycan teatrının perspektivləri haqqında fikirlərini bölüşmüşdür.
     Yubiley çərçivəsində təşkil edilən dəyirmi masada çıxış edən aktyor, Almaniya, Hindistan, Polşa, Belarus, Ukrayna, Estoniya, Kalmıkıya, Macarıstan, İsrail, Özbəkistan, Latviya, Litvadan olan həmkarlarına ADGTT –nın beynəlxalq əlaqələri barədə geniş məlumat verərək bildirmişdir ki, teatr dünya teatrları ilə yanaşı qonşu dövlətlərin teatrları ilə də sıx yaradıcılıq əlaqəsindədir və əlaqələr uğurla davam etdirilməkdədir. Görüşlər zamanı qarşılıqlı yaradıcılıq mübadiləsi ilə bağlı məsələlər müzakirə edilmişdir.

Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX