Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

Prezidenti dəstəkləyir



28.03.2018
     Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinə və teatr sahəsinə göstərdiyi qayğıdan danışıb. Seçkilər ərəfəsində ölkə başçısının namizədliyinin kollektiv tərəfindən dəstəkləndiyini bildirərək Prezidentin ölkədə mədəniyyət sahələrinə və teatrın inkişafı ilə bağlı verdiyi çoxsaylı sərəncamları diqqətə çatdırıb: "Azərbaycanda prezident seçkilərinin keçirilməsinə sayılı günlər qalıb. Ölkəmizdə demokratik və şəffaf seçkilərin təmin olunması üçün həmişə olduğu kimi lazımı şərait yaradılıb. Seçki kampaniyasında çoxsaylı ictimai-siyası təşkilatlarla yanaşı, ölkədə fəaliyyət göstərən yaradıcılıq birlikləri də yüksək səviyyədə iştirak edir. Dövlətimizin başçısı İlham Əliyevin prezidentliyi dövründə ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni inkişafı, Azərbaycanın dünya siyasi sistemində layiqli yer tutması, xalqımızın firavan, sabitlik şəraitində yaşaması üçün gördüyü işlər nəticəsində bu gün təkcə Bakının deyil, regionlarımız da sürətlə inkişaf edir, gözəlləşir. Ölkəmizin beynəlxalq idman və mədəniyyət tədbirlərinin keçirildiyi mərkəzə çevrilib. Müstəqil Azərbaycanı artıq hamı tanıyır. Biz bu gün ruh yüksəkliyi ilə tədbirlərə hazırlaşırıq. Bunlar sabit ölkədə yaşadığımıza görə mümkün olur. Bu şəraiti bizə yaradan dövlətimizin başçısıdır. Ulu Öndərin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğı, siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Görülən işlər, qəbul olunan Dövlət proqramları bütün sahələrdə olduğu kimi, teatr sahəsində də böyük dönüş yaradıb. Məhz bunun nəticəsidir ki, gənc rejissorlar yeni-yeni tamaşalar səhnəyə qoyur, teatrlarımız beynəlxalq festivallarda uğurla iştirak edir. Son illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı dünyanın bir sıra ölkələrində və MDB məkanında nüfuzlu beynəlxalq teatr festivallarında uğurla iştirak edərək Azərbaycan teatr sənətinin tanıdılması missiyasını layiqincə təbliğ edib. Teatr bu festivallardan çoxsaylı diplom və mükafatlarla vətənə dönüb. Bu il Azərbaycan teatrı yaranmasının 146-ci , Dövlət Gənc Tamaşaçılar Teatrı isə 90-cı ildönümünü qeyd edir. Ölkə başçısının sərəncamlarına əsasən, son illərdə təmir edilmiş və yenidən qurulmuş çoxsaylı tarixi, monumental abidələr, tikililər, maddi mədəniyyət ocaqları arasında teatrlarımızın - o cümlədən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasının olması dövlətin teatr sənətinə göstərdiyi diqqətin bariz nümunəsidir. Yarandığı vaxtdan mədəniyyət və incəsənət tariximizə bir çox qiymətli səhnə əsəri bəxş etmiş teatrın bugünkü müasir və beynəlxalq standartlara cavab verən, hətta, Avropa teatrlarının binaları ilə müqayisə olunacaq şəraitin yaradılması bizim Prezidentimizin adı ilə bağlıdır.
     Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 2006-cı ildə “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlətimizin başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib. Dövlət Proqramı çərçivəsində görülən işlər, yenidən qurulan və təmir olunaraq istifadəyə verilən teatr binaları və yüzlərlə sənət adamına verilən fəxri adlar, təqaüdlər bu sahəyə diqqətin bariz nümunəsidir.
     Teatr, kino,musiqi,tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı qəbul olunan dövlət proqramları və cənab Prezidentin ölkədə bu mədəniyyət sahələrinin inkişafı ilə bağlı sərəncamları bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına həqiqətən böyük qayğı var. Bu sərəncamlarda mədəniyyətimizin bütün sahələrinin inkişafına dövlət tərəfindən böyük dəstək verildiyi bir daha təsdiqlənir. Cənab Prezidentimizin belə bir fikrini diqqətə çatdırmaq istərdim: “Biz neft sektorundan əldə edilən kapitalın insan kapitalına, intellektual kapitala çevrilməsi üçün mühüm dövlət proqramları həyata keçirəcəyik”. Dövlət başçımızın bu fikirləri artıq həyatda reallaşmaqdadır.
     Bəllidir ki, mədəniyyət tariximizin parlaq səhifələrindən olan milli teatr dövlət müstəqilliyimiz qazanıldıqdan sonra öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Dövlətimizin milli teatra diqqət və qayğısı daha da artırıldı. Aktyor və rejissorların səmərəli, mükəmməl fəaliyyət göstərməsi üçün teatr binalarının təmiri, bərpası həyata keçirilib, eləcə də yaradıcı kollektivlərin əməkhaqları dəfələrlə artırılıb, ayrı-ayrı istedadlı, görkəmli sənətkarlara fəxri adlar, mükafatlar, Prezident təqaüdü verilib. Yaradıcılıq şəraitinin daha da yaxşılaşdırılması yolunda dövlət tərəfindən vaxtaşırı müxtəlif tədbirlər həyata keçirilib, sənətkarların, dramaturqların, rejissorların yubileyləri qeyd edilib və bu gün də bu tədbirlər davam etməkdədir.
     Azərbaycan teatrının beynəlxalq əlaqələri də genişlənib. Respublikada fəaliyyət göstərən 27 dövlət teatrının və bu şəbəkəyə daxil olan digər qurumların səmərəli fəaliyyətini təmin etmək məqsədilə dövlət onlara hər cür qayğı göstərir. Əlbəttə, teatrların fəaliyyətini dünya standartlarına uyğun şəkildə təmin etmək üçün zamanın tələblərindən asılı olaraq müxtəlif yeni layihələr hazırlanır. Bu gün Azərbaycan teatrı bütün cəhətlərinə görə heç də dünyanın inkişaf edən teatrlarından kənarda qalmır.
     Yeni teatr siyasətinin doğru-düzgün həyata keçirilməsi, həm də mədəniyyətin hərtərəfli təbliği ilə bağlıdır. Eləcə də ümumbəşəri və milli-mənəvi dəyərlərin qorunması dünya mədəniyyətinə inteqrasiyanı təmin etməklə əlaqəli şəkildə həyata keçirilərsə, bu, ümumilikdə sənətin inkişafına səbəb olur. Ölkəmizdə təşkil edilən müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktik konfranslar, milli teatr festivalının keçirilməsi də bu siyasətə xidmət edir. Məlum olduğu kimi, dövlətin apardığı uğurlu teatr siyasətinin nəticəsi olaraq teatr binaları təmir edilərək istifadəyə verildikdən sonra bəzi teatrlar birləşdirildi. Kamera, gənclər və gənc tamaşaçılar teatrları Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirildi. Teatrşünaslar qeyd edir ki, üç yaradıcı kollektivin bir araya gələrək fəaliyyət göstərməsi həqiqətən də uğurlu alınıb və ortaya keyfiyyətli əsərlər çıxıb. Teatr yarandığı gündən cəmiyyətin qabaqcıl, aparıcı qüvvələrindən biri olduğu sirr deyil.
     Azərbaycanın sənət adamları, teatr ictimaiyyəti ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin namizədliyini bu seçkilərdə də dəstəkləyəcəklər. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi prezident seçkilərində böyük həvəslə və məsuliyyətlə iştirak edəcək, yenidən ən layiqli namizədə - İlham Əliyevə səs verəcəyik. Onun rəhbərliyi ilə Azərbaycan Respublikası qarşıdakı illərdə daha böyük nailiyyətlərə imza atacaq, müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuzu daha da artacaq.

Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX